Cinsiyyət orqanlarında, anusun ətrafında, bəzən də ağız boşluğunda əmələ gələn kiçik, dəri rəngində olan şişlər kondilomalar adlandırılır.
Bu virus xəstəliyinin törədicisi insan papilloması virusudur (İPV).
Bu virus əsasən cinsi əlaqə yolu ilə bir insandan digərinə keçir. Bundan əlavə yoluxma məişət əlaqələri zamanı (infeksiyalaşmış dəri və selikli qişalarla əlaqədən sonra) baş verə bilər. Virusun doğuş zamanı anadan uşağa keçməsi də mümkün sayılır.
İnsan orqanizminə daxil olan virus insanın dərisində və selikli qişalarında həmişəlik qalır. Qana və digər orqanlara bu virus keçmir.
İPV bütün dünyada ən yayılmış cinsi yolu ilə keçən infeksiyalardan biri sayılır. Həkimlər hesab edirlər ki, insanların bir çox hissəsi (50%-dən artıq) həyat ərzində bu virusa yoluxur.
Lakin insanların bir çox hissəsində bu virus "yatmış" şəkildə qalır və özünü heç bir xəstəliklə büruzə vermir, digərlərində isə müxtəlif dəri və selikli qişaların xəstəliklərinin inkişafına səbəb olur. Bu insanın immun sisteminin vəziyyətindən asılıdır. İnsanın immun sistemi daim möhkəm olduqda, virus özünü büruzə vermir. Lakin ümumi və yerli (dəri və selikli qişalar) immunitet zəiflədikdə, İPV-u "özünü göstərməyə" başlayır.
Hal hazırda İPV-un 100 növü məlumdur. Müxtəlif İPV-nun növləri müxtəlif xəstəlikləri törədir. Məsələn, İPV-nun 1-ci növü ayaqların altında olan ziyillərinin, İPV-nun 2-ci və 4c
ü növləri adi ziyillərinin əmələ gəlməsinə səbəb olur. İPV-nun 16-cı, 18-ci, 31-ci, 33-cü və 35-ci növləri qadınlarda uşaqlıq boynunun displaziyasına səbəb olur, uşaqlıq boynunun xərçənginin təhlükəsini artırır.
İPV-nun əsasən 6-cı və 11-ci növləri qadın və kişilərdə kondilomaların inkişafına səbəb olur.
Kondilomalar bir çox hallarda kişi və qadınların cinsiyyət orqanlarında inkişaf edir. Onların ölçüləri 1 mm-dən bir neçə santimetrə kimi, rəngi - çəhrayı və ya dəri rəngində ola bilər. Böyüdükcə şiş gül kələminə oxşamağa başlayır.
İnsanın immun sisteminin vəziyyətindən asılı olaraq əmələ gəlmiş kondilomalar böyüyə bilər (həm ölçüləri, həm də sayı artır), uzun müddət ərzində dəyişikliksiz qala bilər və ya özü-özündən (heç bir müalicəsiz) yox ola bilər.
Kondilomalar müxtəlif fəsadlar verə bilər - zədələnir və qanayırlar, cinsi əlaqələrə mane olur, insanda psixoloji diskomfort yaradır, normal doğuşa mane ola bilər və s.
Kondilomaların müalicə üsulları çoxdur və bu üsullar müxtəlifdir. Hər bir konkret halda müalicə üsulunu xəstənin yaşından, vəziyyətindən, kondilomaların ölçülərindən, sayından və s. amillərdən asılı olaraq müalicə həkimi seçir.